Neft Terminalı

Dübəndidə yerləşən neft terminalı Abşeron yarımadasında ən iri neftaşırma terminalıdır. Terminal, Qara dəniz limanlarına, oradan da dünya bazarlarına göndərilən Qazaxstan, Türkmənistan və Azərbaycan neftinin aşırılmasını həyata keçirir.

Terminalda eyni vaxtda, yükaşırma qabiliyyəti 5000 tondan 13000 tona qədər olan 4 tankerin boşaldılmasına imkan verən 2 pirs vardır.

Terminal ildə 15 milyon tonadək yük aşırma gücünə malikdir.

«Əsrin Müqaviləsi» çərçivəsində inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdıqdan sonra dünya bazarlarına nəql edilmək üçün xaricdən gələn neftin həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir. Tranzit neftin həcminin artması Neft Terminalının mövcud guclərinin artırılmasını tələb edir.

Terminalda, onun akvatoriyasında gəmi üzgüçülüyünün təhlükəsizliyini təmin edən Gəmilərin hərəkətini idarəetmə xidməti (GHİX) fəaliyyət göstərir. GHİX, gəmilərin bütün sutka ərzində ötürülməsini təmin edən müasir radionaviqasiya avadanlığı ilə təchiz edilmişdir.

600 və 1600 at gücündə olan iki yedəkçi, gəmilərin təhlükəsiz yanalmasını təmin edir.
Terminal, gəmilərdən çirklənmiş tullantıların qəbul edilməsi, ətraf mühitin çirklənməsinə, o cümlədən qəza nəticəsində neft və neft məhsullarının axması hadisələrinə qarşı mübarizə üçün müasir avadanlıqla təchiz olunmuşdur.

İki neft tullantısı yığan gəmi bütün sutka ərzində akvatoriyada növbə çəkir.